"Məni möcüzəylə gözləyən qadın" | Təsirli gözəl sevgi şeiri

 

Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.

Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.

Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.

Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?

Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın?... 

 «Məni möcüzəylə gözləyən qadın» .şeiri

 Asim Bəy Kazımsoy

"Məni möcüzəylə gözləyən qadın"  | Təsirli gözəl sevgi şeiri

 

0 şərh